Kompyuter şəbəkəsi
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.
Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır:
kompüterlər;
kommunikasiya avadanlıqları;
şəbəkə əməliyyat sistemləri;
şəbəkə tətbiqləri (network applications);
əlaqə kanalları.
== Kompüter şəbəkəsi: əsas anlayışları ==
Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır:
Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir.
Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir.
Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır.
Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer).
Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.